Gələn il Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı planlaşdırılmır.
Tvit.az xəbər verir ki, bu, 2026-cı il üçün dövlət büdcəsi zərfində əksini tapıb.
Sənədə əsasən, 2026-cı ildə aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat səviyyəsində nəzərdə tutulur. Bu məbləğin 49.2%-i və ya 779 milyon manatı neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektorundan daxilolmalar 2025-ci ilin proqnozu ilə müqayisədə 196.7 milyon manat və ya 20.2% azdır.
Sənədə əsasən, növbəti ildə ölkədə istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı benzinin istehsalı nəzərdə tutulmur. Bununla yanaşı, Aİ-92 markalı avtomobil benzininin istehlakında 239.9 min ton və ya 14.7%, dizel yanacağında isə 298.5 min ton və ya 13.7% azalma proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 67.54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.1% artım deməkdir.
Eyni dövrdə ölkədə cəmi 13.8 min ton Aİ-95 markalı benzin istehsal edilib ki, bu da ötən ilin göstəricisindən 45% azdır.