"Bizim üçün vacib oyundur. Rəqib Avropada yaxşı təcrübəyə malikdir. Rumıniya futbolu öz ciddiliyi ilə hər zaman seçilir".
"Tvit.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
"Öz üslubumuzda oynamağa çalışacağıq. Azarkeşləri qələbə ilə sevindirmək istəyirik", - deyə Qurbanov bildirib.
Mütəxəssis sabahkı oyunda böyük dəyişiklik etməyəcəyini söyləyib: "Sadəcə, kiçik dəyişikliklər olacaq. Bunu da hücum planında fikirləşirik. FKSB xırda səhvləri bağışlamayan komandadır. Çalışacağıq ki, oyun üslubumuzu qoruyub saxlayaq".
Q.Qurbanov vurğulayıb ki, Rumıniya təmsilçisinin əsas üstünlüyü hücum və müdafiədəki oyun tərzini sonadək qorumaqdır.
53 yaşlı çalışdırıcı oyundan əvvəl bütün futbolçularına meydanda hakimlərə qarşı necə davranmalı olduqları barədə təlimat verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.