Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində ifadə verən “MedEra Hospital”da tibb bacısı vəzifəsində çalışan Aynurə Paşazadə iş otağında olarkən söyüş səsləri eşitdiyini bildirib:
“Təhvil sənədlərini almaq üçün birinci mərtəbədə qeydiyyat masasına yaxınlaşdım. Ağadadaş Ağayev həmin gecə hospitalda əməliyyat olunub. Bu barədə hospitalda qeydiyyat da var. Bu zaman mühafizəçi təcili yardıma yaxınlaşdı. Üz nahiyəsindən zədə almışdı. O, qeydiyyata alındı və ona yardım edildi”.
“Hadisə mən durduğum yerdən görünürdü. Ağadadaş Ağayev balta atdı. Balta içəridə vedrəyə, ordan da Nəzakət xanımın ayağına dəydi”-, deyərək o, əlavə edib
Təqsirləndirilən Ağadadaş Ağayevin şahidə baltanın ölçüsü və rəngi barədə verdiyi suala Aynurə Paşazadə baltanın orta ölçüdə olduğunu, lakin hadisədən uzun müddət keçdiyi üçün rəngini xatırlamadığını qeyd etdi.
Proresdədə şahid qismində çıxış edən Validə Cabbarova bildirib ki, onların dalaşdığını görüb:
“Mən hadisə zamanı işdə idim. Səs-küy eşitdim. Gördüm ki, Ağadadaş Ağayevlə mühafizəçi dalaşır. Sonra öz işimlə məşğul oldum. Hadisənin səbəbini bilmirəm. Ağadadaş Ağayevin əlində balta görməmişəm”.
Şahidin ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.
Hakim prosesdə ifadəni elan edib. O, ifadəsində onların dalaşdığını, Ağadadaş Ağayevə yaxınlaşaraq səbəbi soruşduğunu və daha sonra Ağadadaş Ağayevin əlində balta ilə mühafizəçiyə tərəf getdiyinin şahidi olduğunu bildirib.
Şahid məhkəmədəki ifadəsini təstiq etdi.
Şahid Zaur Rüstəmov hadisəni görmədiyi bildirdi:
“Mən hospital ətrafında taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Hadisə zamanı orada olmamışam. Bu barədə eşitmişəm və videogörüntüləri izləmişəm. Həmin zaman mənim müştərim olub. Müştərini düşürdükdən sonra taksi kimi qaldığım yerə qayıtdım. Polislər var idi. Ağadadaş Ağayevi görmədim, amma Nurəddin orada idi. Nurəddindən hadisəni soruşdum. O, mənə dedi ki, Ağadadaş Ağayev ondan həkim istədi, amma mənim işim var idi. Mən ona Ağadadaş Ağayevin gecə əməliyyat olunduğunu, həkimin çağırmaq lazım olduğunu bildirdim”.
Daha sonra iş üzrə növbəti şahid Firdovsi Səfərov ifadə verib.
O, qeyd edib ki, ətrafdan söyüş səsləri eşidib:
“Ətrafa nəzər saldıqda gördüm ki, Nürəddin söyüş söyür. Söyüşlər qarşılıqlı idi. Ondan kimi söydüyünü soruşdum. O, barmağı ilə istiqamət göstərdi. Həmin istiqamətə baxanda Ağadadaş Ağayevi gördüm. Nurəddinə onun həm yaşca böyük, həm də ağsaqqal olduğunu deyib irad bildirdim. Sonra gördüm ki, bunlar dalaşır. Onlarə ayırmağa çalışdım”.
“Ağadadaş Ağayevin əlində balta olmasını, atmasını videogörüntüdən görmüşəm”,-deyə şahid əlavə edib.
Məhkəmə yanvarın 23-ü davam etdiriləcək.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında ötən il iyulun 23-də Binəqədi rayonu ərazisində insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb edilib.
Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib. A.Ağayevin və N. Cəlilovun ittiham olunduğu cinayət işinə Binəqədi rayon məhkəməsində baxılır.
Qeyd edək ki, tərəflər arasında rəsmi şəkildə barışıq əldə olunub.
Eyni zamanda tərəflər arasında barışıq əldə olunduğu üçün Xalq artisinin “Medera Hospital”la qarşılıqlı mülki iddia üzrə keçirilən məhkəmə prosesinə xitam verilib.