Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə sərhəddə hərbçilərinin təhlükəsizliyinə real təhlükə yaranacağı təqdirdə dərhal cavab zərbəsi endirilməsini əmr edib.
Tvit.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) KXDR Müdafiə Nazirliyinin müşaviri, marşal Pak Çon Çxona istinadən məlumat yayıb.
“Əgər qarşı tərəf səsgücləndiricilər vasitəsilə xəbərdarlıqlardan və xəbərdarlıq atəşindən sonra hərbçilərimizin təhlükəsizliyinə real təhdid yaradan təxribatlara əl atarsa, dərhal cavab zərbəsi endirilməlidir. İndi söz mübahisəsi aparmağın vaxtı deyil”, – deyə o bildirib.
Məlumata görə, oktyabrın 20-də Pak Çon Çxon ölkənin cənub sərhədində müdafiə istehkamlarının tikildiyi əsas ərazilərə baxış keçirib. Onu Koreya Xalq Ordusunun Baş Qərargahının nümayəndələri müşayiət edib.
Pak Çon Çxon Seulun Şimali Koreya hərbçilərinin sərhədi keçməsi ilə bağlı iddialarını əsassız adlandırıb. Onun sözlərinə görə, Cənubi Koreyanın bu ittihamları sərhəddə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti Pxenyanın üzərinə qoymaq məqsədi daşıyır.
O vurğulayıb ki, Şimali Koreya hərbçiləri tikinti işlərini öz ərazilərində həyata keçirirlər və onların təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülməlidir.