Münasibətlərin kəskin pisləşməsinə baxmayaraq, Türkiyə və İsrail ikitərəfli əlaqələrin tam kəsilməsini istisna edən strateji maraqlarını saxlayırlar.
Tvit.az xəbər verir ki, bununla bağlı İsrailin “Ynet” nəşri təhlil yayıb.
Bildirilib ki, tərəflərin sərt bəyanatlarına baxmayaraq, regional təhlükəsizlik sahəsində ümumi maraqlar qüvvədə qalmaqdadır.
Nəşrin təhlilinə əsasən, hər iki dövlət Suriya və Livanda İranın, eləcə də radikal qruplaşmaların mövqelərinin möhkəmlənməsinin qarşısını almaqda və Şərqi Aralıq dənizi hövzəsində sabitliyi qorumaqda maraqlıdır.
Siyasi mənzərəyə ABŞ amili də ciddi təsir göstərir. Vaşinqton İsrailin əsas müttəfiqi olmaqla yanaşı, Türkiyəni NATO üzrə vacib tərəfdaş və İrana qarşı balanslaşdırıcı qüvvə kimi qiymətləndirir. “Ynet” qeyd edir ki, mövcud şəraitdə Təl-Əviv Ankaradan gələn regional təsirləri neytrallaşdırmaqla yanaşı, onunla işlək əlaqə kanallarını saxlamalı, eyni zamanda Yunanıstan, Kipr, İordaniya və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı dərinləşdirməlidir.