Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya BMT-yə ilk dəfə yəhudi qadın baş katib seçilə bilər
dünya

BMT-yə ilk dəfə yəhudi qadın baş katib seçilə bilər

30-07-2026 23:00 13 Baxış
IMG

BMT Təhlükəsizlik Şurasında keçirilən ilk qeyri-rəsmi səsvermənin nəticələrinə görə, Kosta-Rikanın sabiq vitse-prezidenti Rebeka Qrinspan təşkilatın növbəti baş katibi vəzifəsinə namizədlər arasında önə çıxıb.

 

Tvit.az xəbər verir ki, "Reuters"in diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının keçirdiyi qeyri-məcburi "straw poll" səsverməsində Qrinspan 10 "dəstəkləyir" səsi toplayıb. Onu Qayananın sabiq xarici işlər naziri Karolin Rodriqes-Birkett 9, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi isə 7 dəstək səsi ilə izləyir.

 

Hazırkı baş katib Antonio Quterreş bu ilin sonunda iki beşillik səlahiyyət müddətini başa vuraraq vəzifəsindən ayrılacaq. Yeni rəhbər beynəlxalq nüfuzu zəifləyən BMT-də islahatların aparılması və təşkilatın fəaliyyətinin daha səmərəli təşkil edilməsi kimi mühüm çağırışlarla üzləşəcək.

 

Qeyri-rəsmi səsvermələrdə Təhlükəsizlik Şurası üzvləri namizədlərlə bağlı "dəstəkləyir", "dəstəkləmir" və ya "mövqeyim yoxdur" variantlarından birini seçirlər. Diplomatik mənbələrin bildirdiyinə görə, Qrinspan bir "dəstəkləmir" səsi də alıb.

 

Əgər Qrinspan baş katib seçilərsə, o, BMT tarixində bu vəzifəni tutan ilk qadın və ilk yəhudi əsilli şəxs olacaq.

 

Aysel Şirinova