Maliyyə naziri Sahil Babayev Azərbaycanda 2026-2030-cu illər üzrə "Dövlət borcunun idarə edilməsinə dair Strategiya" sənədinin hazırlanmasını tapşırıb.
Tvit.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu gün qurumda keçirilmiş növbəti kollegiya nazir həmçinin dövlət borcunun idarə olunması üzrə beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusional çərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda bildirilib ki, ötən il xəzinə vəsaitlərindən səmərəli istifadə nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat qənaət edilib, eyni zamanda həyata keçirilən təkrar maliyyələşdirmə əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazlarla əvəz olunaraq borc portfelinin strukturunda müsbət dəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil edib.
Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik dövlət borcalması həyata keçirir, borc üzrə uçot və hesabatlılığı təmin edir, təhlillər aparır. Ötən il beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilməsi təmin edilib.
Bundan başqa, S.Babayev hüquqi akt layihələrinin icra prosesinin daha da təkmilləşdirilməsi və elektron nəzarət mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib. Bu çərçivədə layihələrin elektron sənəd dövriyyəsi sistemi ilə yanaşı "Normativ hüquqi aktlar" informasiya sistemi vasitəsilə icrası, gecikmə hallarının araşdırılması və icra yükünün balanslaşdırılması məqsədəuyğun hesab olunub. Eyni zamanda, kollegiyanın sədri razılaşdırma prosedurlarının sadələşdirilməsi, maliyyə-iqtisadi əsaslandırmaların təqdim olunması tələbinin qanunvericilikdə əks etdirilməsi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.