"Bizi çətin rəqiblə gərgin oyun gözləyir".
Tvit.az xəbər verir ki, bunu İtaliya "Napoli"sinin futbolçusu Alessandro Buoncorno "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
O bildirib ki, bu matç onlar üçün daha böyük anlam kəsb edəcək:
"Noyabrın 25-də komandamızın əfsanəsi Dieqo Armando Maradonanın vəfatının beş illiyi tamam olacaq. Ona görə də bu matç bizim üçün daha böyük anlam kəsb edəcək. Qələbə qazanacağımıza ümidvarıq. Qalibiyyət olarsa, ona həsr edəcəyik. Belə stadionda oynamaq bütün rəqiblər üçün çətindir".
"Rəqibimiz Çempionlar Liqasında bir neçə vacib oyun keçirib. Çox güclüdürlər, ehtiyatlı olmalıyıq. Çoxlu fərdi mübarizə olacaq. Həm biz, həm də onlar təzyiq göstərəcəklər", - deyə müdafiəçi qeyd edib.
Qeyd edək ki, "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.