Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm Hərbi xidmətdən yayınmaya görə 56 cinayət işi açılıb
turizm

Hərbi xidmətdən yayınmaya görə 56 cinayət işi açılıb

14-10-2024 16:00 135 Просмотров
IMG

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.

"Tvit.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Əvvəllər məlumat verildiyi kimi, hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.

Həyata keçirilən kəsərli tədbirlər çərçivəsində, 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (Baş İdarə), eləcə də tabe rayon (şəhər) prokurorluqları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və vətəndaşlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.

Belə ki, Baş İdarədə qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə SHXÇDX-dən daxil olmuş 29 material üzrə araşdırma aparılıb.

Bundan başqa, Baş İdarənin “161 Qaynar xətt” əlaqə mərkəzindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsaasında 33 material üzrə araşdırma araşdırılıb

Həmin materiallardan 8-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır, digər materiallar üzrə isə araşdırma davam etdirilir. Habelə, 2 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunmuşdur.

Qeyd olunan dövr ərzində aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilmişdir.

Baş İdarə tərəfindən qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 2 əməliyyat-axtarış tədbiri keçirilmiş və bunun nəticəsində 2 cinayət işi başlanaraq istintaqı tamamlanmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilməsi təmin edilmişdir.

Bundan başqa, qeyd olunan dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.

Həmçinin, 2024-cü ilin oktyabr ayıdək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilmişdir.

Hərbi xidmətə çağırış sahəsində qanunsuzluqlara qarşı mübarizə tədbirləri bundan sonra da aidiyyəti dövlət orqanları ilə birgə davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaqdır.