Bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyard 910,3 milyon manat investisiya yönəldilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azdır. Bununla yanaşı, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.
Məlumata görə, ümumi sərmayənin 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinin, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinin, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 56,7 faizi dövlət, 43,3 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 71,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Aysel Şirinova