"Bakının Nizami rayonu, Qara Qarayev, 25 ünvanındakı binalarda beş-altı gündür, istilik yoxdur".
Tvit.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya sözügedən ərazidə yaşayan bir qrup sakin müraciət edib.
Vətəndaşlar bildiriblər ki, tez-tez yaşanan bu problem kökündən həll edilmir:
"Artıq bir həftədir ki, evimizdə istilik yoxdur. Keçən il də bu cür problemlərlə üzləşirdik. Uşaqlar evdə soyuqdan donurlar. Hər dəfə aidiyyəti quruma müraciət edirik, həll olunacağını desələr də, nəticə yoxdur. Bəzən isə bir gün olur, beş gün yox".
Sakinlərə verilən məlumata görə, problemə səbəb istilik borularının partlamasıdır:
"Hər dəfə gəlirlər ki, düzəldəcəyik, lakin heç bir həlli olmur. Bütün sakinlər binanın istilik problemindən beziblər. Axı bu soyuqda istilik olmadan necə yaşamaq olar?!"
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı sorğuya cavab olaraq bildirib ki, sözügedən binanı istiliklə təmin edən məhəllədaxili xətdə axıntı qeydə alınıb:
"Həmin qəza hadisəsini aradan qaldırmaq üçün qazıntı işləri aparmaq lazımdır. Bunun üçün müvafiq dövlət qurumuna müraciət ünvanlanıb. Müraciət qeydə alınan kimi dərhal işə başlanılacaq. Qara Qarayev, 25 ünvanındakı binanın istiliklə təminatı ən qısa müddətdə bərpa ediləcək".