Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini təqdim edib: Qarabağla bağlı istinad çıxarılıb
dünya

Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini təqdim edib: Qarabağla bağlı istinad çıxarılıb

23-11-2026 09:00 7 Просмотров
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini təqdim edib.

 

Trend-in “Sputnik Ermənistan”a istinadən məlumatına görə, yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.

 

Qeyd edək ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı 1989-cu il qərarına istinad edilir. Azərbaycan bu müddəanı ölkəmizin ərazi bütövlüyünə qarşı iddianın hüquqi əsası kimi qiymətləndirir.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas verən müddəaların aradan qaldırılması iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biridir. Türkiyə də Azərbaycanın bu məsələdəki mövqeyini dəstəkləyir.

Bununla yanaşı, yeni Konstitusiya layihəsinin qəbul edilməsi Ermənistanda ciddi siyasi maneələrlə üzləşir. Belə ki, layihənin referenduma çıxarılması üçün 105 deputatdan ibarət parlamentdə azı 70 nəfərin dəstəyi tələb olunur. Hazırda Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə 64 mandata malikdir.

Ermənistan müxalifəti isə Konstitusiyanın dəyişdirilməsi təşəbbüsünə qəti etiraz edir.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Bununla belə, rəsmi Bakı Ermənistanın Konstitusiyasında ərazi iddiaları ilə bağlı məsələnin həllini yekun sülh müqaviləsinin imzalanması üçün vacib şərt hesab edir.

 

Aysel Şirinova