Avropa İttifaqı Ukraynaya raketlər, pilotsuz uçuş aparatları (PUA), döyüş sursatları və hava hücumundan müdafiə (HHM) vasitələrinin alınması üçün 1,76 milyard avro köçürüb.
Tvit.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Balaş Uivari Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, vəsait Ukraynaya 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində ayrılıb.
“Avropa Komissiyası bu gün Ukraynaya 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində 1,76 milyard avro köçürüb. Bu vəsait pilotsuz uçuş aparatlarının, raketlərin, döyüş sursatlarının və hava hücumundan müdafiə vasitələrinin alınmasına yönəldiləcək”, – deyə Uivari qeyd edib.
AK rəsmisi vurğulayıb ki, ayrılan vəsait hesabına ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri üçün raketlərin alınmasına icazə verilmir. Sözügedən maliyyələşdirmə çərçivəsində satın alınacaq bütün silah və hərbi texnika Avropa İttifaqı ölkələrində və ya Ukraynada istehsal edilməlidir.
Qeyd edək ki, 1,76 milyard avroluq vəsait Avropa İttifaqı Şurasının daha əvvəl təsdiqlədiyi 8 milyard avroluq maliyyə paketinin tərkib hissəsidir.