Ukraynanın 2027-ci ildə Avropa İttifaqına (Aİ) üzv olması mümkün deyil.
Bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Aİ-yə 1 yanvar 2027-ci ildə üzv olması ilə bağlı səsləndirdiyi tarix real deyil.
“Üzvlük əldə olunan nəticələr prinsipinə əsaslanır. Aydındır ki, bu tarix mümkün deyil”, – Kos deyib.
Aİ komissarı qeyd edib ki, Kiyev və bir sıra digər tərəflər Aİ-yə üzvlüyü təhlükəsizlik təminatı kimi görür. Onun sözlərinə görə, Ukraynadakı müharibə Avropadakı geosiyasi vəziyyəti dəyişib və bunun nəticəsində Aİ-nin genişlənməsi yenidən prioritetə çevrilib.
Kos bildirib ki, Aİ Ukraynadakı vəziyyəti anlayır və ölkəyə kömək etməyə çalışır. O vurğulayıb ki, Ukrayna hazırda “sağ qalmaq uğrunda müharibə aparır”.