İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, hökumət Qəzza zolağında yaşayan 2,3 milyon fələstinlinin hamısını ərazidən çıxarmağı planlaşdırmır.
Tvit.az xəbər verir ki, Saar Sloveniyada keçirilən mətbuat konfransında deyib ki, öz istəyi ilə Qəzzanı tərk etmək istəyən və onları qəbul etməyə hazır olan ölkə tapan şəxslərin köçünə İsrail qarşı çıxmayacaq. Nazir vurğulayıb ki, heç kim öz iradəsinə qarşı köçməyə məcbur edilməyəcək.
Bununla belə, İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza əhalisinin “könüllü mühacirət” yolu ilə köçürülməsi üçün yeddiillik plan açıqlayıb. Müdafiə naziri İsrael Katz isə fələstinlilərin köçürülməsi olmadan Qəzza üçün “real həll yolu”nun olmadığını bildirib.
Cenevrə Konvensiyalarına əsasən, mülki əhalinin işğal olunmuş ərazilərdən zorla çıxarılması müharibə cinayəti hesab olunur.
Aysel Şirinova