“Vikipediya”nın sahibi olan Wikimedia Fondunun 200-dən çox əməkdaşı həmkarlar ittifaqına qoşulmaq qərarına gəlib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Əmək Münasibətləri Şurasının keçirdiyi səsvermədə qərar 158 lehinə, 14 əleyhinə səslə təsdiqlənib. Həmkarlar ittifaqına qoşulan əməkdaşlar proqram təminatı, maliyyə və kommunikasiya kimi müxtəlif sahələrdə çalışırlar.
İşçilərin bu addımı atmasının əsas səbəbləri arasında süni intellekt çatbotlarının yaratdığı rəqabət, könüllü redaktorların sayının azalması və rəhbərliyin son dövrdəki işə qəbul və ixtisar qərarları göstərilir. Xüsusilə “Wikipedia” və “Commons” layihələrində könüllülərin istifadə etdiyi alətləri hazırlayan komandanın tamamilə işdən çıxarılması narazılığa səbəb olub.
Wikimedia Fondunun baş direktoru Bernadette Meehan həmkarlar ittifaqının yaradılmasını “yeni bir fəslin başlanğıcı” adlandırıb və əməkdaşların qaldırdığı narahatlıqların nəzərə alınacağını bildirib.
Aysel Şirinova