Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
siyasət

İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

24-06-2026 15:00 25 Просмотров
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəminə toxunub.

 

Gələcəkdə ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələri daha da genişləndirməyin əhəmiyyətini vurğulayıb.

 

Qəbula və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edən Numan Kurtulmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

 

Qonaq Bakıda keçirilən tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, dövlətimizin başçısının tədbir iştirakçılarına ünvanlandığı müraciətin zəngin məzmunlu olduğu deyib.

 

Söhbət zamanı Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunularaq, ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurlu inkişafı qeyd edilib, dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsinin olmadığı bildirildi və bu, birgə sərvətimiz kimi qiymətləndirilib. Ölkələrimiz arasında dostluğun və qardaşlığın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu vurğulanıb.

 

Görüşdə qanunverici orqanlarımız arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsinin perspektivləri müzakirə olunub.