Azərbaycanla Serbiya arasında imzalanan 57 sənəd ikitərəfli əməkdaşlığın güclü hüquqi bazasını təşkil edir.
Tvit.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
O, Prezident İlham Əliyev və Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç arasında formalaşmış açıq, səmimi və qarşılıqlı anlaşmaya əsaslanan əlaqələrin rolunu vurğulayıb.
Nazir xüsusilə dövlət başçıları tərəfindən 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsini, 2018-ci ildə qəbul edilmiş Birgə Fəaliyyət Planını və 2022-ci ildə yaradılmış Strateji Tərəfdaşlıq Şurasını qeyd edib.
O bildirib ki, Serbiyanın Azərbaycanın əsasən qeyri-neft sektoruna yönəlmiş investisiyalarının artması, eyni zamanda Azərbaycan Dövlət Neft Fondunun Serbiyanın maliyyə alətlərinə yatırdığı sərmayələrin həcminin yüksəlməsi iki ölkə arasında qarşılıqlı etimadın və tərəfdaşlığın möhkəmləndiyini aydın şəkildə nümayiş etdirir.