İndoneziyanın müdafiə naziri bildirib ki, ölkə Qəzzada planlaşdırılan sülhməramlı əməliyyatda iştirak etmək üçün 20 minə qədər hərbçini hazırlayıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu hərbçilər əsasən tibb xidməti və tikinti ilə bağlı vəzifələr yerinə yetirəcək. Onların Qəzzaya göndərilməsi yalnız BMT-nin Beynəlxalq Sabitlik Qüvvəsinə (ISF) rəsmi mandat verməsindən sonra mümkün olacaq.
Dünyanın ən çox müsəlman əhaliyə malik ölkəsi olan İndoneziya, ABŞ-ın Qəzza üçün planlaşdırdığı ISF qüvvəsi barədə danışdığı ölkələr arasındadır.
Ötən həftə Reuters xəbər vermişdi ki, Vaşinqton ISF üçün hazırladığı layihədə bu qüvvəyə Qəzzanın demilitarizasiyası, sərhədlərin təhlükəsizliyi, mülki əhalinin qorunması, humanitar yardımın çatdırılması və yeni hazırlanmış Fələstin polisinin dəstəklənməsi üçün “zəruri bütün tədbirlərdən istifadə etmək” səlahiyyəti verməyi təklif edir.