Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və may ayında bu barədə razılığa gəlməyi planlaşdırır.
Tvit.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Aydındır ki, biz may ayında Aİ Şurasının gündəliyinə salmaq üçün kölgə donanmasını və digər elementləri özündə birləşdirəcək 17-ci sanksiyalar paketi üzərində işləyirik”, - deyə o, bildirib.
Jurnalistlərin yeni sanksiyalar paketində Rusiyadan mayeləşdirilmiş təbii qazın tədarükünə qadağanın daxil olub-olmayacağı ilə bağlı sualına Kallas belə cavab verib: "Müzakirələr davam edir, lakin siz bilirsiniz ki, sanksiyaların tətbiqi üçün 27 ölkənin hamısının razılığı lazımdır. Amma mənim fikrimcə, mümkün olan ən güclü sanksiyalar paketini tətbiq etmək lazımdır".
Xatırladaq ki, Rusiyaya qarşı son, 16-cı iqtisadi və fərdi sanksiyalar paketi Avropa İttifaqı tərəfindən 24 fevral 2025-ci ildə təqdim edilib.
Aysel Şirinova