Azərbaycanın üç güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda yarışacaq.
Tvit.az xəbər verir ki, Avropa çempionatının ilk günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da finalçılar müəyyənləşib.
Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov (57 kq) ötən il Avropa ikincisi olmuş türkiyəli Muhammet Karavuş üzərində inamlı qələbə qazanıb – 8:1. Bazarqanov yarımfinalda rusiyalı Avropa ikincisi Naçın Monquşa 0:5 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Rəqib İvaylo Tisov (Bolqarıstan) – Manvel Xndzrtsyan (Ermənistan) görüşünün qalibi olacaq.
Əli Rəhimzadə (65 kq) əvvəlcə Dağıstan əsilli belçikalı Ayub Musayevə şans tanımayıb – 7:2. Həmyerlimiz 1/4 finalda isə almaniyalı Niko Meqerleyə tam üstünlüklə (10:0) qalib gəlib. Rəhimzadə yarımfinalda çeçen əsilli Fransa güləşçisi Xamzat Arsamerzoyevə minimal fərqlə (3:4) uduzub. Əli bürünc medal uğrunda Stefan Koman (Rumıniya) – Andrey Svirid (Ukrayna) görüşünün qalibiylə güləşəcək.
Kənan Heybətov (70 kq) ilk mərhələdə avstriyalı Benedikt Huberi vaxtından əvvəl məğlub edib – 10:0. Güləşçimiz 1/4 finalda bolqarıstanlı Mihail Georgiyevdən güclü olub – 4:1. Heybətov yarımfinalda rusiyalı dünya çempionu David Bayevə 0:3 hesabıyla məğlub olub. Kənan üçüncü yer uğrunda ya İsmayıl Musukayev (Macarıstan), ya da Viktor Voynoviç (Serbiya) ilə mübarizə aparacaq.
Orxan Abasov (79 kq) təsnifat mərhələsində Dağıstan əsilli fransalı Zəlimxan Xadjiyevə 5:9 hesabıyla uduzub.
Abubakr Abakarov (97 kq) ukraynalı Vasil Sovaya “tuş”la (9:5) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Riçard Veqə 2:5 hesabıyla məğlub olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək. Görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.