Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial DGK Avropaya göndərilən 272 milyonluq narkotiki məhv etdi
sosial

DGK Avropaya göndərilən 272 milyonluq narkotiki məhv etdi

28-01-2025 21:00 34 Views
IMG

Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülüb və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton 168 kq 332 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.


Bu barədə Tvit.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun şəkildə şəffaflıq prinsipi əsasında həyata keçirilmiş məhvetmə aksiyasını BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, media və ictimai təşkilatların nümayəndələri də müşahidə edib.


Məhv edilənlərin 91,3%-i daha təhlükəli narkotiklər - yəni 4 ton 662 kq 185 qramı heroin və 58 kq 837 qramı metamfetamin olub, bundan əlavə 369 kq 529 qram tiryək, 77 kq 779 qram həşiş və digər maddələr də məhv edilib.


Bu narkotiklərin 98,7%-i, yəni 17 fakt üzrə 5 ton 105 kq 990 qramı cənub sərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulurdu. Məhv edilən narkotiklərin Avropada qanunsuz orta pərakəndə satış qiyməti 272 milyon avrodan çox təşkil edir.

 

Dövlət Gömrük Komitəsi bəyan edir ki, ölkəmizə qarşı narkotəhdidlər və yeni çağırışlar nəzərə alınmaqla narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gömrük orqanlarının prioritet vəzifələrindəndir. Bu məqsədlə əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, gömrük orqanlarının yoxlama baxış sistemləri, müasir texniki nəzarət vasitələri və narkotik axtarışı üzrə kinoloji itlərlə təmin olunması, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) və digər yeni texnologiyalar tətbiq edilməklə onların potensialının və şəxsi heyətin peşəkar hazırlığının artırılması istiqamətində tədbirlər görülür.