Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev barəsində həbs qərarı çıxarılıb
sosial

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev barəsində həbs qərarı çıxarılıb

22-01-2025 18:00 17 Views
IMG

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

Tvit.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqdimat təmin edilib və Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

 

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.


Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

 

Cinayət işi üzrə ötən gün həkim Sənan Mehdiyev saxlanılaraq məsuliyyətə cəlb olunub.