Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlandı
sosial

İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlandı

14-01-2025 15:00 23 Views
IMG

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirilən son nəzarət tədbirləri zamanı, xüsusilə ölkəyə xaricdən tərkibində GMO olan qida məhsullarının idxalına cəhd göstərilməsi faktlarını aşkarlayıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır.

"Ötən müddət ərzində bu sahədə qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və belə halların qarşısı qətiyyətlə alınır. Hazırda Agentlik GMO məhsullarla bağlı yoxlama-nəzarət tədbirlərini daha da gücləndirilib. Qeyd edək ki, Agentlik tərəfindən ölkəyə idxal edilən qida məhsulları yoxlama nəzarət tədbirlərinə cəlb edilərək risk qiymətləndirilməsi əsasında müvafiq müayinələr həyata keçirilir.  Aparılan son nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticəsinə əsasən məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb. AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, ölkəmizə GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. Belə məhsulların qanunsuz olaraq ölkəmizə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcəkdir", - deyə məlumatda qeyd olunub.