Almaniyanın hərbi xərcləri artırmaq planları ölkədə sosial təminat sisteminin zəifləməsinə səbəb ola bilər.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BSW (Sosial Ədalət və İqtisadi Ehtiyatlılıq Birliyi) partiyasının xarici siyasət üzrə eksperti Sevim Dagdelen “NachDenkSeiten” portalında dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, Almaniya hökuməti 561 milyard avroluq büdcə qəbul etməyi, yeni borclanmanın həcmini isə 210 milyard avroya çatdırmağı planlaşdırır. Büdcədə hərbi xərclər üçün 150 milyard avro nəzərdə tutulub ki, bu da ölkənin ÜDM-inin 3,1%-nə bərabərdir.
Dagdelen qeyd edib ki, Almaniya qarşıdakı illərdə hərbi xərcləri ÜDM-in 5%-nə çatdırmağı hədəfləyir. Onun fikrincə, bu planların həyata keçirilməsi sosial təminat sisteminə ciddi zərbə vura bilər.
Ekspert əlavə edib ki, hökumət mənzil müavinəti alanlara, xəstələrə və qayğıya ehtiyacı olan şəxslərə ödənişləri azaltmağı planlaşdırır. Mövcud borclanma tendensiyası davam edərsə, Almaniyanın dövlət borcunun ÜDM-in 90%-nə yaxınlaşa biləcəyini də bildirib.
Aysel Şirinova