Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Almaniya kansleri kütləvi iğtişaşlara sərt reaksiya verib
dünya

Almaniya kansleri kütləvi iğtişaşlara sərt reaksiya verib

02-11-2026 16:00 18 Views
IMG

Almaniya kansleri Fridrix Merts ölkənin bir sıra şəhərlərində keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən zorakılıq hallarına sərt reaksiya verib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

 

Merts hökumətin zorakılıq hallarına qarşı sıfır tolerantlıq nümayiş etdirəcəyini bildirib.

“Küçələrimizdə zorakılığa yer yoxdur. Polis əməkdaşlarına və xilasedicilərə hücum edən, mağazaları talayan şəxslər azadlığımıza və cəmiyyətimizə qarşı çıxırlar. Qanunu pozanlar onun bütün ciddiliyini hiss edəcəklər”, – deyə kansler vurğulayıb.

O, təhlükəsizlik qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirərək etiraz aksiyalarına qatılan gənclərin böyük əksəriyyətinin dinc şəkildə nümayiş keçirdiyini qeyd edib.

Kansler gənclərin gələcəkləri ilə bağlı narahatlıqlarını anladığını, hökumətin mənzil təminatı və təhsil sahəsindəki problemlərin həllini prioritet hesab etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 31-də Almaniyanın Berlin, Hamburq, Köln, Münhen, Frankfurt və digər şəhərləri daxil olmaqla 30-dan çox şəhərində gənclərin kütləvi etiraz aksiyaları keçirilib.

Əksər nümayişlər dinc başa çatsa da, bəzi şəhərlərdə etirazlar iğtişaşlarla müşayiət olunub. Berlində polis əməkdaşlarına pirotexniki vasitələr və müxtəlif əşyalar atılıb, Kölndə isə təhlükəsizlik qüvvələri su şırnaqlarından istifadə edib.

Ən ciddi qarşıdurmalar Frankfurt şəhərində qeydə alınıb. Burada etirazçılarla polis arasında toqquşmalar baş verib, mağazalar talan edilib. İğtişaşlar nəticəsində 100-dən çox polis əməkdaşı xəsarət alıb.