Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home turizm Azərbaycanda rəis həbs edildi
turizm

Azərbaycanda rəis həbs edildi

06-12-2024 17:00 55 Views
IMG

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron Regional İdarəsinin rəisi Əliyev Arzu Təvəkgül oğlunun qanunsuz əməlləri barədə həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Tvit.az"a bildirilib ki, İstintaqla Arzu Əliyevin həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək 2019-2020-ci illər ərzində rəhbərlik etdiyi qurumun istifadəsində olmaqla Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq satılması, çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən ümumilikdə 300 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Arzu Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla hazırda istintaq tədbirləri davam etdirilir.