Rusiyanın Rosatom şirkəti sümük metastazları, prostat xərçəngi və neyroendokrin şişlərin müalicəsində istifadə olunması nəzərdə tutulan radium-223, lütetium-177 və aktinium-225 izotopları əsasında radiofarmasevtik preparatlar istehsal etməyi planlaşdırır.
Tvit.az xəbər verir ki, Rosatom Elminin Radionuklid Məhsulları və Nüvə Təbabəti direktoru Sergey Surov bu barədə TASS-a məlumat verib.
Onun sözlərinə görə, sözügedən preparatların bir hissəsinin, o cümlədən Kaluqa vilayətində yerləşən zavodda növbəti beş il ərzində istehsalına başlanılması planlaşdırılır.
"Bu, radium-223, lütetium-177 və aktinium-225 əsasında hazırlanan preparatlardır. Bu, Kaluqa vilayətindəki zavod da daxil olmaqla, növbəti beş il ərzində istehsal etməyi planlaşdırdığımız məhsullar dəstidir", – deyə Surov bildirib.
O qeyd edib ki, preparatlar sümük metastazları, prostat xərçəngi və neyroendokrin şişlərin müalicəsinə yönəlib. Bir sıra preparatlar üzrə klinikayaqədər tədqiqatların aparıldığını bildirən Surov bəzi məhsulların artıq klinik sınaqlar mərhələsinə yaxınlaşdığını söyləyib.
Surovun sözlərinə görə, radiofarmasevtik preparatların hazırlanması uzun prosesdir və 5-10 il davam edə bilər. Bu müddət ərzində preparatların insan orqanizminə təsiri ilə bağlı tədqiqatlar aparılır, həmçinin klinikayaqədər və klinik sınaqlar həyata keçirilir.
Aysel Şirinova