Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb.
Tvit.az xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb.
Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərhal əvvəl qəhvə içilməsini nəzərdə tutur. O izah edib ki, kofein insan oyandığı zaman təsir göstərməyə başlayır və nəticədə şəxs özünü daha gümrah hiss edir.
Mütəxəssis qeyd edib ki, gündüz yuxusu 20 dəqiqədən çox davam etməməlidir. Əks halda bu, gecə yuxusuna mənfi təsir göstərə və yuxusuzluğa səbəb ola bilər.
Eduard Estivill həmçinin belə bir gündüz yuxusundan sonra beş dəqiqə ərzində daha parlaq təbii və ya süni işıq altında qalmağı, yaxud 10 dəqiqəlik gəzintiyə çıxmağı məsləhət görüb.