Yanğın üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində baş verib.
Tvit.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qərargahının rəisi, polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın 120 kvadratmetr ərazini əhatə edib. Bina qədim tikili olduğundan əsasən taxta konstruksiyalardan ibarət olub.
İ.Nəsibov bildirib ki, yanğın zamanı binadan altı nəfər təxliyə edilib. Yaşlı sakinlərdən biri həkimə müraciət etsə də, onun həyatına təhlükə yoxdur.
Qərargah rəisinin sözlərinə görə, hadisə yerinə 12 texnika və 62 nəfər şəxsi heyət cəlb olunub, yanğın məhdudlaşdırılıb. Hadisənin başvermə səbəbi araşdırılır, nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.