İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar yolu ilə "hərtərəfli atəşkəs" barədə razılığa gəliblər.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Razılaşmaya əsasən, atəşkəs "Hizbullah"ın hücumlarını tamamilə dayandırması və bütün qüvvələrini Litani çayının cənubundan geri çəkməsi şərtilə həyata keçirilir. Digər razılığa görə, müəyyən ərazilərdə yeganə səlahiyyətli qüvvə kimi Livan ordusunun nəzarəti ələ keçirəcəyi "pilot bölgələr" sürətlə yaradılacaq.
Bəyanatda bu addımların regionda hərtərəfli sülh və təhlükəsizlik üçün yol açacağı bildirilir. Həmçinin vurğulanır ki, İsrail ilə Livan arasındakı münasibətlər yalnız hər iki ölkənin suveren hökumətləri tərəfindən müəyyən edilməlidir.
Yekun razılığa gəlmək üçün tərəflər 22 iyun həftəsində siyasi və təhlükəsizlik danışıqlarını bərpa edəcəklər. Keçid dövründə ABŞ tərəflər arasında ünsiyyəti asanlaşdırmağa davam edəcək. Hizbullah isə hələlik razılaşma ilə bağlı rəsmi açıqlama verməyib.
Aysel Şirinova