"Müasir beynəlxalq münasibətlər sistemi bu gün mürəkkəb sınaqlarla üz-üzədir. Dünyanın müxtəlif bölgələrində münaqişələrin dərinləşməsi, təhlükəsizlik risklərinin artması, logistika zəncirlərində pozuntular, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətlərarası əməkdaşlığın aktuallığını daha da artırır".
Tvit.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.
Hökumət başçısı bildirib ki, xüsusilə son zamanlar regionda müşahidə olunan gərginlik və artan eskalasiya şəraitində qarşılıqlı həmrəylik və koordinasiya olduqca böyük əhəmiyyət kəsb edir:
"Belə mürəkkəb şəraitdə Türk Dövlətləri Təşkilatı geniş coğrafiyada sülhün, sabitliyin, inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə töhfə verən mühüm beynəlxalq platformadır. Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir. Məhz onların ardıcıl səyləri TDT çərçivəsində əməkdaşlığın ildən-ilə daha da dərinləşməsini və türk dünyasında həmrəyliyin möhkəmlənməsini təmin edən əsas amildir. 2025-ci ilin noyabr ayında UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dili Günü elan edilməsi türk dünyasının artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir".