Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Formula-1"də qalmaqal: Maks Ferstappen jurnalisti mətbuat konfransından qovdu
sport

"Formula-1"də qalmaqal: Maks Ferstappen jurnalisti mətbuat konfransından qovdu

26-03-2026 14:00 15 Views
IMG

"Formula-1" üzrə dördqat dünya çempionu, niderlandlı Maks Ferstappen Yaponiyada keçiriləcək 2026-cı il dünya çempionatının üçüncü mərhələsi ərəfəsində diqqətçəkən addım atıb. O, mətbuat konfransının keçirildiyi zalda "The Guardian" qəzetinin jurnalisti Jill Riçardsın olmasını əsas gətirərək, mətbuat konfransına başlamaqdan qəti şəkildə imtina edib.

 

Tvit.az xəbər verir ki, bu maraqlı insident barədə məlumatı "The Race" portalı yayımlayıb.

 

"O burada olduğu müddətdə mən heç nə danışmayacağam", - deyə Ferstappen öz etirazını açıq şəkildə ifadə edib.

 

Jill Riçards problemin keçən ilin son yarışı Əbu-Dabidə verdiyi sual olduğunu dəqiqləşdirib:

 

"Əbu-Dabidə verdiyim suala görə?"

 

Ferstappenin müsbət cavabını eşidən jurnalist onun məramını bir daha dəqiqləşdirib:


"Siz istəyirsiniz ki, mən zalı tərk edim?"

 

Maksın təsdiqindən sonra Jill zalı tərk etmək məcburiyyətində qalıb və yalnız bundan sonra dünya çempionu jurnalistlərin suallarını cavablandırmağa başlayıb.

 

Xatırladaq ki, bu gərginliyin əsası Əbu-Dabidə keçirilən son dünya çempionatının final mərhələsindən sonra qoyulub. Həmin vaxt Riçards Ferstappendən İspaniya Qran-prisində britaniyalı Corc Rassell ilə yaşanmış qəzaya görə peşmanlıq hiss edib-etmədiyini soruşmuşdu. Məhz həmin qəza səbəbindən cərimələnən Ferstappen kritik xallar itirmişdi. Nəticədə, 2025-ci il mövsümünün yekunlarına əsasən, niderlandlı sürücü pilotların ümumi sıralamasında britaniyalı rəqibi Lando Norrisdən cəmi iki xal geri qalaraq çempionatı ikinci pillədə başa vurmuşdu.

 

Qeyd edək ki, 28 yaşlı Maks Ferstappen 2021-2024-cü illərdə ardıcıl dörd dəfə "Formula-1"in çempionu adını qazanıb.