Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Azərbaycan Bolqarıstanın qaz istehlakının təxminən 40 %-ni təmin edir
iqtisadiyyat

Azərbaycan Bolqarıstanın qaz istehlakının təxminən 40 %-ni təmin edir

04-03-2026 11:00 17 Views
IMG

Azərbaycan 25 illik müqavilə çərçivəsində Bolqarıstanın təbii qaz istehlakının təxminən 40 %-ni təmin edir.

 

Bu barədə Tvit.az Bolqarıstan Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

 

"Bu gün Bolqarıstanın təbii qaz istehlakının demək olar ki, 40 %-i 25 illik müqavilə çərçivəsində Azərbaycan tərəfindən təmin edilir. Bu saziş bizə proqnozlaşdırılma mümkünlüyünü və tədarükün etibarlılığını, eləcə də Avropada ən rəqabətli qiymət şərtlərindən birini təmin edir", - nazirliyin məlumatında deyilir.

 

Nazirlikdən qeyd ediblər ki, bazarlarda qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə Azərbaycan qazı sabitləşdirici funksiyanı yerinə yetirir – tədarük fasiləsiz həyata keçirilir, müqavilə parametrləri isə kəskin qiymət dalğalanmalarının təsirini məhdudlaşdırır: "Bu, müəssisələr və ev təsərrüfatlarının yükünün azaldılması, iqtisadi dayanıqlığın artırılması və Bolqarıstan sənayesinin rəqabət qabiliyyətinin qorunması deməkdir".

 

Nazirlikdən xatırladıblar ki, Bolqarıstanın energetika naziri Trayço Traykov martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji üzrə Məşvərət Şurasının iclaslarında iştirak edib.

 

Forum çərçivəsində T. Traykov Moldovanın energetika naziri Dorin Junqietu, Türkiyənin energetika nazirinin köməkçisi Zafər Demircan və SOCAR-ın prezidenti Rövşən Nəcəf, eləcə də Azərbaycanın energetika naziri Pərviz Şahbazovla ikitərəfli görüşlər keçirib.

 

T.Traykovun Şahbazovla görüşündə uzunmüddətli müqavilə çərçivəsində tədarükün optimallaşdırılması imkanları, "Asarel" və SOCAR şirkətlərinin birgə həyata keçirdiyi Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması layihəsi, həmçinin "M-Gaz" və SOCAR-ın qaz nəqli şəbəkəsinə çıxışı olmayan istehlakçılar üçün reallaşdırdığı sıxılmış təbii qazın (CNG) tədarükü üzrə hibrid layihə müzakirə edilib.

 

"Nazir Şahbazov bildirib ki, Bolqarıstanın Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasındakı "Yaşıl Enerji Dəhlizi" təşəbbüsünə rəsmi şəkildə qoşulmasını yüksək qiymətləndirəcək. Qara dənizdə sualtı elektrik kabel layihəsini əhatə edən bu təşəbbüs "Global Gateway" təşəbbüsü çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında strateji enerji əməkdaşlığının bir hissəsidir", - nazirlikdən əlavə ediblər.