Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
siyasət

Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab

29-12-2025 22:00 13 Views
IMG

Azərbaycan vətəndaşları üçün tətbiq ediləcək viza rejiminin yeni qayda və şərtlərinin dəqiqləşdirilməsi məqsədilə Monteneqro tərəfinə rəsmi sorğu göndərilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə məlumat verib.

 

O, bildirib ki, uzun müddət Monteneqro birtərəfli qaydada bu ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edib:

 

"Lakin Monteneqro hökumətinin qərarına əsasən, 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq olunacaq".

 

XİN sözcüsü qeyd edib ki, bu qərar Monteneqro hökumətinin Avropa İttifaqına üzvlük prosesi çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə əlaqədardır:

 

"Ölkəmizin vətəndaşlarına münasibətdə viza rejiminin yeni qaydaları və şərtlərinin nədən ibarət olacağı barədə müvafiq sorğumuz qarşı tərəfə ünvanlanıb.

 

Məsələ ilə bağlı müvafiq qaydada əlavə məlumat veriləcəkdir".

 

Qeyd edək ki, 2026-cı il yanvarın 15-dən sonra Azərbaycan vətəndaşları Monteneqroya yalnız viza əsasında səfər edə biləcəklər. Bu ölkədə işləmək və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün isə ən azı 1 illik yaşayış icazəsinin alınması tələb olunacaq.


Monteneqro hökumətinin dekabr ayında keçirilən son iclasında viza rejimi ilə bağlı yeni qərarlar da qəbul edilib. Qərara əsasən, Bəhreyn Krallığı, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Respublikasının vətəndaşları etibarlı pasportla Monteneqroya vizasız daxil ola, tranzit keçə və 30 günədək ölkədə qala bilərlər.