Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home siyasət Meksikada COP29-a həsr edilmiş növbəti tədbir keçirilib
siyasət

Meksikada COP29-a həsr edilmiş növbəti tədbir keçirilib

06-11-2024 23:00 69 Views
IMG

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksika İqlim Təşəbbüsü tərəfindən təşkil edilən “İqlim fəaliyyəti üçün PreCOP29 görüşü” adlı tədbirdə ölkəmizin COP29-a ev sahibliyi mövzusu ilə məruzəçi kimi çıxış edib.

 

Bu barədə Tvit.az-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

 

Öz çıxışında səfir ölkəmizin bir neçə gün sonra baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirə ev sahibi seçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regional və qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyinin bariz nümunəsi olduğunu bildirib.

 

Azərbaycan yaşıl inkişafı əsas inkişaf prioritetinə çevirdiyini bildirən diplomat cari ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edildiyini, bu gün Azərbaycanın yaşıl enerjiyə keçiddə regional lider olduğunu, son illərdə ölkə daxilində yaşıl layihələrə üstünlük verildiyini, azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılacağını vurğulayıb.

 

Habelə, iqlim dəyişikliyinin nə dərəcədə aktual və vacib məsələ olduğunu, iqlim dəyişikliyinin heç bir sərhəd tanımadığını, bütün ölkələrə təsir göstərdiyini xatırladaraq bu qlobal problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyindən söz açıb. COP29 sədrliyi çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən bəhs edən səfir, bu təşəbbüslərin əsas məqsədinin iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı ambisiyaları artırmaq, bu mövzu üzrə fəaliyyətə təkan vermək olduğunu vurğulayıb. Bu xüsusda həm hökumət, həm də qeyri-hökumət təşkilatlarını COP29 sədrliyi tərəfindən irəli sürülmüş bu qlobal təşəbbüslərə qoşulmağa çağırış edib.