Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Hadrutda “Azərişıq” ASC yanında İctimai Şuranın iclası keçirildi
sosial

Hadrutda “Azərişıq” ASC yanında İctimai Şuranın iclası keçirildi

21-10-2025 20:00 33 Views
IMG

“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində “Azərişıq” ASC yanında İctimai Şuranın iclası keçirilib.

Tvit.az xəbər verir ki, iclasın əsas müzakirə mövzusu “Azərişıq” ASC-nin yarandığı gündən etibarən 10 il ərzində Prezident İlham Əliyevin tapşırıqları əsasındakı fəaliyyəti, xüsusən 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri olub.

 

Qeyd edilib ki, qurumun əsas prioriteti ölkənin bütün regionlarında, o cümlədən ən ucqar dağ kəndlərində belə vətəndaşları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə tərtib edilmiş layihələrə əsasən növbəli şəkildə bütün kənd və qəsəbələrdə köhnəlmiş, yararsız elektrik təsərrüfatı yenidən qurulur. Yeni güc mərkəzləri yaradılır, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir. Smart sayğaclar quraşdırılır. Həmçinin son dövrlərdə tətbiq edilən SCADA sistemi yaşayış məntəqələrində gərginliyə nəzarət, yarana biləcək qəzaların ən qısa zamanda aradan qaldırılması baxımından önəmli yenilikdir.

 

İclasda Qarabağ və Şərqi Zəngəzurda aparılan təmir-bərpa və yenidənqurma işlərindən bəhs edilərkən vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dövründə “Azərişıq” ASC-nin əməkdaşları ordumuzun ardınca irəliləyərək əsas obyektləri işıqla təmin edib. Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq Kəlbəcər, Laçın, Şuşa kimi çətin relyefə malik ərazilərdə üzərinə düşən öhdəlikləri yerinə yetirib. 5 il ərzində bütün rayonlarda böyük güc mərkəzləri yaradılıb, Ağıllı kənd və Ağıllı şəhər layihələrinə uyğun elektrik təsərrüfatı qurulub. Xüsusən ekoloji cəhətdən daha səmərəli olan EDM-lər (Enerji Doldurma Məntəqələri) quraşdırılıb. Doğma torpaqlara qayıtmış sakinlər yüksək səviyyədə elektrik enerjisi ilə təmin edilib. Görülən işlərlə yanaşı bir çox xarici ölkələrdən gələn qonaqlarla birgə Qarabağa səfərlər təşkil olunub. Tətbiq edilən innovativ yeniliklər qonaqlara təqdim edilib. Həmçinin Qarabağda sakinlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib. Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr edilmiş Türkdilli Dövlətlərin gənc energetikləri arasında “Peşə Ustalığı Yarışları” və bu qəbildən olan müsabiqələr Qarabağda təşkil olunub.  

 

İclasın sonunda bildirilib ki, Səhmdar Cəmiyyətlə ictimaiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması məqsədilə gələcəkdə də belə tədbirlər davam edəcək.