Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin sayı açıqlanıb
sosial

Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin sayı açıqlanıb

19-09-2025 14:00 26 Views
IMG

"Konstitusiyamızın memarı olan Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında misilsiz xidmətlərindən biri də 1990-cı illərin əvvəlində Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaşana biləcək humanitar fəlakətin qarşısını almasıdır".

"Tvit.az" xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı keçirilən konfransda çıxışı zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Sədr müavini xatırladıb ki, keçmiş məcburi köçkünlərin fundamental hüquqları Ermənistanın işğalçılıq siyasəti nəticəsində kobud şəkildə pozulmuşdu:

“Həmin hüquqların bərpası istiqamətində çox mühüm addımlar atıldı. Bu işlər Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla və məharətlə davam etdirildi. Keçmiş məcburi köçkün və qaçqın soydaşlarımızın hüquqlarının dayanıqlı bərpası baxımından yeganə həll onların öz doğma torpaqlarına beynəlxalq qanunvericilikdə təsdiq olunan formada – könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışıdır. 44 günlük müharibədə qazanılan qələbə sayəsində ərazi bütövlüyü və dövlət suverenliyinin bərqərar olunması ilə yanaşı, həmçinin xeyli sayda soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradıldı”.

F.Hüseynov əlavə edib ki, dünya miqyasında analoqu olmayan “Böyük Qayıdış” dövlət proqramı da uğurla həyata keçirilməkdədir.

“Torpaqlarımız mina, partlamamış sursatlardan təmizlənir, yeni infrastruktur yaradılır. 50 min nəfərdən çox soydaşımız Qarabağ və Şərqi Zəngzur iqtisadi rayonlarında məskunlaşıb. Azərbaycan dövləti dünya ictimaiyyətinə keçmiş məcburi köçkün və qaçqınların postmünaqişə reablitiasiya və reinteqrasiyası ilə bağlı yeni dünyəvi model təqdim edir. İnanırıq ki, həmin ərazilər sülh və tərəqqi məkanına çevriləcək”.