Xəzərin suları altında qalan qədim Şəhri-Gürgan şəhərinin izlərinin araşdırılması istiqamətində aparılan sualtı tədqiqatlar zamanı yeni arxeoloji materiallar aşkarlanıb.
Tvit.az xəbər verir ki, AzTV-nin hazırladığı reportaj zamanı arxeoloq və dalğıcların iştirakı ilə aparılan yeni qazıntı işləri lentə alınıb. Tədqiqatlar zamanı orta əsrlər dövrünə aid saxsı qab nümunələri və digər arxeoloji materiallar üzə çıxarılıb.
Bir vaxtlar Şirvanşahlar dövlətinin mühüm dəniz limanlarından biri olan Şəhri-Gürgan şəhəri Xəzərin sularının qalxması nəticəsində su altında qalıb. Ərazidə aparılan əvvəlki araşdırmalar zamanı XII–XIV əsrlərə aid müxtəlif arxeoloji materiallar aşkarlanıb. Şəhri-Gürganın tarixinin öyrənilməsi istiqamətində tədqiqatlara 2008-ci ildə başlanılıb. Həm dayaz sularda, həm də sahilyanı ərazilərdə aparılan araşdırmalar zamanı müxtəlif maddi-mədəniyyət nümunələri qeydə alınıb. 2024-cü ildən isə sualtı dalğıc qrupu tərəfindən araşdırmalar yenidən intensiv şəkildə davam etdirilir.
AzTV-nin reportajında yeni tapıntıların aşkarlandığı ərazi, sualtı qazıntı prosesi, arxeoloq və dalğıcların fəaliyyəti, eləcə də mütəxəssislərin aşkarlanan materiallarla bağlı fikirləri təqdim olunur.
Mütəxəssislərin sözlərinə görə, aşkar edilən saxsı qab nümunələri qədim şəhərin orta əsrlərdəki həyatı, məişəti və təsərrüfat fəaliyyəti haqqında yeni məlumatların əldə edilməsi baxımından əhəmiyyətlidir.
Şəhri-Gürganın yerləşdiyi ərazi digər tarixi abidələrlə də zəngindir. Burada XIX əsrə aid Abşeron mayakı, eləcə də 4–5 min illik tarixə malik kurqanlar yerləşir.Tədqiqatların davam etdirilməsi nəticəsində Xəzərin suları altında qalan qədim şəhərin tarixi və onun orta əsrlərdəki əhəmiyyəti ilə bağlı yeni izlərin üzə çıxarılması gözlənilir.