Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Həkim gənc nəsildə erkən qocalmanın səbəblərini açıqladı
sosial

Həkim gənc nəsildə erkən qocalmanın səbəblərini açıqladı

16-09-2026 08:00 22 Baxış
IMG

"Böyrəküstü vəzilər tərəfindən ifraz olunan kortizol orqanizmin əsas stres hormonudur. O, maddələr mübadiləsini tənzimləyir, iltihabi proseslərə nəzarət edir və yuxu-oyanma dövrünün formalaşmasında iştirak edir. Lakin stres zamanı bu hormonun səviyyəsinin artması dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər".

 

Tvit.az xəbər verir ki, bunu rusiyalı həkim-dermatoloq və kosmetoloq Darya Stepanova Gazeta.ru-ya açıqlamasında deyib.

 

Mütəxəssisin sözlərinə görə, qanda kortizol səviyyəsinin yüksək olması dərinin elastikliyinə cavabdeh olan kollagen və elastinin parçalanmasına səbəb olur. Bu isə qırışların yaranmasına və dərinin tonusunun azalmasına gətirib çıxara bilər.

 

Stres hormonu, həmçinin mikrosirkulyasiyanı zəiflədir, qan dövranını və hüceyrələrin qidalanmasını pisləşdirir. Qan damarları daha kövrək olur və bu da kuperozun yaranmasına şərait yarada bilər. Eyni zamanda, kortizol səviyyəsinin yüksək olması melaninə təsir göstərərək hiperpiqmentasiyaya səbəb ola bilər.

 

"Kortizol qeyri-bərabər şəkildə ifraz olunur: gecə saatlarında onun səviyyəsi ən aşağı həddə olur, səhərə yaxın isə orqanizmi oyanmağa hazırlamaq üçün artır. Gün ərzində onun səviyyəsi tədricən azalır. Yuxu rejimi pozulduqda kortizolun ifrazı artır və daha çox kəskin yüksəlmələr müşahidə olunur", - deyə həkim bildirib.

 

Bundan əlavə, smartfonların yaydığı müxtəlif şüalar, o cümlədən mavi işıq dəridə oksidləşdirici stresi stimullaşdıra bilər. Bu isə kollagen və elastinin zədələnməsinə səbəb ola bilər. Qadcetlərin yaydığı istilik dəri tərəfindən nəmin itirilməsini sürətləndirə və xüsusilə üz və əllərdə quruluğa səbəb ola bilər.

 

Mütəxəssisin sözlərinə görə, stres, yuxu pozğunluğu və qadcetlərdən uzun müddət istifadə müasir dövrdə gənclərin qarşılaşdığı və dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilən əsas amillərdəndir.

 

O, problemin qarşısını almaq üçün qadcetlərdən istifadəni azaltmağı, düzgün yuxu rejiminə əməl etməyi və stres səviyyəsini aşağı salmağı tövsiyə edib.