Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Həkim "qəhvə qarnı" barədə mifi puç etdi
sosial

Həkim "qəhvə qarnı" barədə mifi puç etdi

20-07-2026 08:00 55 Baxış
IMG

Qəhvə istehlakı xalq arasında "qəhvə qarnı" adlandırılan qarın piylənməsinə birbaşa səbəb olmur.

 

Tvit.az Gazeta.ru-ya istinadənxəbər verir ki, bu barədə tibb elmləri namizədi, Piroqov adına Rusiyanın Milli Tədqiqat Tibb Universitetinin Hospital Pediatriyası kafedrasının dosenti Olqa Tarasova bildirib.

 

Mütəxəssisin sözlərinə görə, orqanizmin qəhvəyə reaksiyası içkinin qəbul tezliyindən asılıdır. Daimi qəhvə içən insanlarda orqanizm zamanla buna uyğunlaşır və hormonal cavab reaksiyası zəifləyir. Bundan əlavə, kofeinin orqanizmdə parçalanma sürəti genetik xüsusiyyətlərlə bağlıdır. Yaxşı istirahət etmiş bir insanın içdiyi fincan qəhvə ilə xroniki yuxusuzluqdan əziyyət çəkən şəxsin qəbul etdiyi qəhvənin təsiri eyni deyil.

 

Həkim qeyd edib ki, əksər sağlam insanlarda qəhvənin normada istehlakı kortizol səviyyəsinin uzunmüddətli artımına yol açmır. Həmçinin qəhvə mədə şirəsinin ifrazını və bağırsaqların hərəkətliliyini artırır ki, bu da normal fizioloji reaksiyadır. Araşdırmalar sağlam insanlarda qəhvənin mədənin selikli qişasını zədələmədiyini, qastrit və ya mədə xorası yaratmadığını göstərir. Bununla belə, qastroezofageal reflüks xəstəliyi, funksional dispepsiya və ya qıcıqlanmış bağırsaq sindromu olan şəxslərdə qəhvə qıcqırma, mədədə ağırlıq hissi və köp yarada bilər.

 

Tarasova vurğulayıb ki, xroniki yüksək kortizol səviyyəsi qarın boşluğunda visseral piyin (daxili orqanların ətrafındakı piy) artmasına səbəb ola bilər. Lakin bu, bir fincan espressodan sonra yaranan qısamüddətli hormon artımı ilə deyil, uzunmüddətli stres, yuxusuzluq və qeyri-sağlam qidalanma ilə əlaqədardır. Bel çevrəsinin genişlənməsinin əsas səbəbi qəhvə deyil, həyat tərzidir.

 

Həkim gün ərzində 5-6 fincan və ya daha çox qəhvə içən, bu içkini yeməklə əvəz edən, xroniki stres yaşayan, yuxusuzluqdan əziyyət çəkən və azhərəkətli həyat tərzi keçirən şəxslərin diqqətli olmasını tövsiyə edib. Gündə 1-3 fincan qəhvə qəbul edən sağlam insanların isə bu barədə narahat olmasına ehtiyac yoxdur.

 

Mütəxəssis qəhvəni səhər yeməyinin əvəzinə içməməyi, içkiyə əlavə olunan şəkər, şərbət və qaymağın miqdarına diqqət yetirməyi, eləcə də axşam saatlarında qəhvədən qaçınmağı məsləhət görüb.