Yağışdan əvvəl dizlərdə və digər oynaqlarda hiss olunan ağrılar xəyali bir hal deyil, real tibbi problemdir.
Tvit.az xəbər verir ki, bu barədə həkim-ortoped Anudca Cayna "The Times of India" nəşrinə verdiyi müsahibədə məlumat verib. Mütəxəssis oynaqların hava dəyişikliklərinə niyə reaksiya verdiyini izah edib.
Anudca Caynanın sözlərinə görə, xüsusilə osteoporoz xəstəliyi olan insanlar hava dəyişikliklərinə daha həssasdırlar. Bunun səbəbi osteoporoz zamanı qığırdaq toxumasının zədələnməsidir. Belə vəziyyətdə hətta atmosfer təzyiqinin cüzi dəyişməsi belə oynaqların həssaslığını kəskin şəkildə artıra bilir.
"Yağış nadir hallarda öz-özünə yağır. Adətən yağış atmosfer təzyiqinin düşməsi, yüksək rütubət və temperaturun azalması ilə müşayiət olunur. Bu dəyişikliklərin hər biri oynaqların funksiyasına təsir göstərir", - deyə həkim bildirib.
Həkim izah edir ki, atmosfer təzyiqi düşdükdə oynaqların ətrafındakı toxumalar genişlənir və sinirlərə təzyiq göstərir ki, bu da ağrı yaradır. Havanın soyuması isə əzələləri daha çox gərginləşməyə məcbur edir və nəticədə hərəkətdə sərtlik müşahidə olunur.
Bundan əlavə, mütəxəssis qeyd edib ki, pis hava şəraitində insanlar daha çox hərəkətsiz qalırlar. Bu hərəkətsizlik oynaqların daha da zəifləməsinə və ağrıların güclənməsinə səbəb olur.