Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
iqtisadiyyat

Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"

23-12-2025 10:00 17 Baxış
IMG

"Ölkələrimizin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır. Bu da öz növbəsində həm ölkələrimizin, həm də regionun yük daşımalarına və ticarət dinamikasına müsbət təsir göstərir. Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb".

 

Tvit.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edərkən deyib:

 

"Həmçinin Azərbaycanın əsas ərazisinin Naxçıvan ilə birləşdirilməsi barədə avqust ayında Vaşinqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq. Bakı-Tbilisi-Qars dəmir yolunun 2024-cü ildə illik yükburaxma qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda cari ildə Qars-Naxçıvan dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm hadisələrdir. Bütün bunlar həm Azərbaycan və Türkiyə, həm də regionun digər ölkələri üçün strateji əhəmiyyət daşıyır".

 

Baş nazir bildirib ki, Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq enerji sahəsində həyata keçirilən iri miqyaslı layihələr vasitəsilə daha da möhkəmlənir.

 

"Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi strateji layihələr Azərbaycan enerji resurslarının Avropa bazarlarına etibarlı və dayanıqlı şəkildə çıxarılmasını təmin edib. Bir neçə gün sonra - dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu halqasını təşkil edən TAP boru kəməri vasitəsilə Avropaya kommersiya məqsədilə qaz nəqlinə başlanılmasının beş ili tamam olur. Beş il ərzində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, bunlardan 10-u Avropa ölkəsidir. Birgə səylərimizlə avqustda Suriyaya qaz nəqlinə başladıq. İlk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq regionuna nəql olunur. Yeri gəlmişkən, SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur. Bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirib. Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir. Bu gün burada Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair imzalanacaq sənəd bunun sübutudur".