Ermənistan Rusiyanın ölkədən məhsul idxalına tətbiq etdiyi məhdudiyyətləri iki ölkə arasında iqtisadi mübahisə kimi qiymətləndirir.
Tvit.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən İrəvan məsələ ilə bağlı Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət edib.
Papoyan qeyd edib ki, Ermənistan hökuməti 2026-cı ildə sahibkarlıq subyektlərinə dəstək üçün ilkin olaraq təxminən 2,15 milyard dram vəsait ayırsa da, sonradan bu məbləği 15 milyard drama (təxminən 40 milyon ABŞ dolları) çatdırmaq məcburiyyətində qalıb.
Nazir bildirib ki, hökumət Rusiya ilə yaranmış problemin müsbət həllinə ümid etdiyindən 2027-ci ilin dövlət büdcəsində subsidiyalar üçün əvvəlcədən böyük məbləğdə vəsait nəzərdə tutmaq istəmir.
Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 2026-cı ilin may ayından etibarən Ermənistan mənşəli bir sıra kənd təsərrüfatı məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edib. Ermənistan tərəfi isə bu məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət maneəsi kimi tanınmasını tələb edir.
Aysel Şirinova,
Tvit.az