Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
sosial

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

30-10-2026 11:00 14 Просмотров
IMG

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur".

 

Tvit.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Bakıətrafı ərazilərdə infrastrukturunun genişləndirilməsi çərçivəsində layihələr tamamlandıqdan sonra Abşeron dairəvi dəmir yolu üzrə stansiyaların sayının 15-dən (hazırda mövcud olan) 43-ə çatdırılması planlaşdırılır:

 

"Dövlət Proqramında nəzərdə tutulan yeni xətlər Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar, Yeni Suraxanı-Hövsan və Qaradağ-Güzdək istiqamətlərini əhatə edir. Bakı Dəmir Yolu Vağzalından başlayan Zabrat-Maştağa-Bağlar xətti Bakıxanov və Zabrat-2 stansiyalarından keçməklə Maştağa və Bağlar istiqamətində uzanacaq. Yeni Suraxanı-Hövsan xətti isə Bakıxanov və Yeni Suraxanı stansiyalarından keçərək MİDA yaşayış kompleksinin ərazisinə, oradan isə Hövsan limanı istiqamətinə çatacaq.

 

Bakıxanov-Binə-Qala xətti Bakıxanov stansiyasından Binə və Qala istiqamətində davam edəcək. Qaradağ-Güzdək xətti üzrə isə Güzdək stansiyasının Xırdalan-Sumqayıt dəmir yolu xətti üzərində yerləşməsi nəzərdə tutulur.

 

Bundan başqa, mövcud Abşeron dairəvi dəmir yolu marşrutu üzrə də yeni stansiyaların yaradılması planlaşdırılır. Belə ki, Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdək stansiyalarının yenidən qurulması nəzərdə tutulur".

 

Bəxtiyar Hacıyev bildirib ki, Dövlət Proqramı çərçivəsində bütün işlərin 2030-cu ilədək yekunlaşdırılması planlaşdırılır:

 

"Yeni xətlər istifadəyə verildikdən sonra Bakıətrafı qəsəbələrlə paytaxtın mərkəzi arasında nəqliyyat əlçatanlığının artacağı gözlənilir. Bununla belə, Hövsandan şəhər mərkəzinə qatarla səfərin dəqiq müddətini müəyyənləşdirmək hələlik mümkün deyil".