ABŞ İranın dəmir yolu və avtomobil sektorunda fəaliyyət göstərən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə açıqlama yayıb. Nazirliyin məlumatına görə, yeni sanksiyalar Rusiyayla əlaqəli A7 Şəbəkəsinə qarşı elan edilən tədbirlərlə yanaşı, İranın avtomobil və dəmir yolu sənayesini də əhatə edir.
Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub ki, İranın avtomobil və dəmir yolu sənayesi neft sektoru kimi İran hakimiyyəti və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən nəzarətə götürülüb.
Sanksiyalar İranın yerli avtomobil bazarının 90%-dən çoxunu təşkil edən Iran Khodro Company (IKCO) və SAIPA Iranian Automobile Manufacturing Company (SAIPA) şirkətlərinə qarşı yönəlib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi blokada səbəbindən İran dəmir yolu və avtomobil sənayesindən getdikcə daha çox asılı vəziyyətə düşüb.
Nazirliyin açıqlamasına görə, dəmir yolu və avtomobil sektorları İran hakimiyyətinin əsas gəlir və logistika mənbələri sırasında yer alır. Bu səbəbdən yeni sanksiyalar İran iqtisadiyyatının fəaliyyətini təmin etmək və sanksiyalardan yayınmaq üçün istifadə etdiyi mühüm kanalları hədəfə alır.
Aysel Şirinova