Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Şeyx Səudiyyə səfiri ilə görüşdü
sosial

Şeyx Səudiyyə səfiri ilə görüşdü

17-07-2025 23:00 30 Views
IMG

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, səfiri səmimi salamlayan şeyxülislam iki dost ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, dövlət başçılarının - Prezident İlham Əliyevlə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla dostluq əlaqələrinin bu məsələdə vacib rolunu qeyd edib. Şeyxülislam ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

 

Şeyxülislam Allahşükür Paşazadə müxtəlif sahələrdə, o cümlədən dini sahədə əlaqələrin davamlı inkişafının vacibliyini söyləyib. QMİ sədri builki Həcc mövsümündə Azərbaycandan olan zəvvarlara göstərilən xoş münasibət üçün Krallığın Həcc və Ümrə Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırmağı diplomatdan xahiş edib.

 

Səfir növbəti dəfə görüş imkanı yaratdığı üçün şeyxülislama minnətdarlığını bildirib. Başa çatan Həcc mövsümündə Səudiyyə Ərəbistanını bir milyon yeddi yüz mindən çox zəvvarın ziyarət etdiyini deyən diplomat Allah qonaqlarının təhlükəsizliyi və rahatlığı üçün ölkəsinin həyata keçirdiyi işlər barədə məlumat verib. Diplomatın sözlərinə görə, Həcc mövsümündə 200-ə yaxın dövlətlə daim təmasda olan Həcc və Ümrə Nazirliyi Azərbaycan həcc missiyasının işini yüksək qiymətləndirib. Missiyanın fəaliyyətinə yaratdığı şəraitə görə QMİ sədrinə təşəkkür edən səfir azərbaycanlı zəvvarların ziyarətlərini təhlükəsiz və rahat şəkildə həyata keçirmələri üçün bundan sonra da zəruri addımların atılacağını bildirib.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.