Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ İranlı maliyyəçinin biznes şəbəkəsinə yeni sanksiyalar tətbiq edib
dünya

ABŞ İranlı maliyyəçinin biznes şəbəkəsinə yeni sanksiyalar tətbiq edib

24-07-2026 22:00 8 Views
IMG

ABŞ İranlı maliyyəçi Babək Zəncaninin sanksiyalardan yayınma şəbəkəsi ilə əlaqəli olduğu bildirilən 9 şirkət və 4 fiziki şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar Zəncaninin "Dot One" konqlomeratı çərçivəsində fəaliyyət göstərən şirkətləri, həmçinin onun artıq sanksiya siyahısında olan rəqəmsal aktiv platformasını dəstəkləyən xaricdəki şirkətləri və onların rəhbərlərini hədəf alır.

 

Nazirlik bildirir ki, Zəncani maliyyə xidmətləri, rəqəmsal aktivlərin ticarəti, qızıl və qiymətli daşların istehsalı, eləcə də iri infrastruktur layihələrindən ibarət biznes portfeli vasitəsilə vəsaitlərin yuyulması və İrana gizli maliyyə axınının təmin edilməsində iştirak edib.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqotun sözlərinə görə, Vaşinqton Babək Zəncanini və onun geniş biznes şəbəkəsini İranın sanksiyalardan yayınmasına, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun və digər qeyri-sabitlik yaradan fəaliyyətlərin maliyyələşdirilməsinə şərait yaratmaqda ittiham edir.

 

ABŞ Maliyyə Naziri Skott Bessent isə qeyd edib ki, İran rialının rekord həddə ucuzlaşması və yüksək inflyasiya ölkənin siyasətinin iqtisadi nəticələrini göstərir. Onun sözlərinə görə, ABŞ İran hökuməti və onun maliyyə şəbəkələrinin beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa davam edəcək.

 

Babək Zəncani uzun illərdir İranın sanksiyalardan yayınma mexanizmlərində əsas fiqurlardan biri kimi tanınır. O, 2016-cı ildə İranda mənimsəmə ittihamı ilə edam cəzasına məhkum edilsə də, cəzası 2024-cü ildə yüngülləşdirilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Zəncani 2025-ci ildən etibarən yenidən İran hökumətinin iqtisadi layihələrində fəal rol almağa başlayıb.

 

Yeni sanksiyalar siyahısına İstanbulda qeydiyyatda olan Zedpay Finansal Sistem ve Hizmetleri A.Ş., Dubayda fəaliyyət göstərən Zedx DMCC, BZ Diamond FZCO və Zəncaninin ortağı Solmaz Bani də daxil edilib.

 

Aysel Şirinova