Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial 50 qızıl medal arzusu ilə böyüyən sumqayıtlı istedad
sosial

50 qızıl medal arzusu ilə böyüyən sumqayıtlı istedad

28-01-2026 22:00 37 Views
IMG
"Kiçik yaş, böyük hədəflər”
Bu gün gənc yaşına baxmayaraq riyaziyyat və məntiq olimpiadalarında qazandığı uğurlarla diqqət çəkən, beynəlxalq arenada Sumqayıtın və Azərbaycanın adını layiqincə təmsil edən istedadlı məktəbli Hümbətli Tunar ilə həmsöhbət olduq. Erkən yaşlardan formalaşan məntiqi düşünmə bacarığı, ardıcıl zəhməti və böyük hədəfləri onu yaşıdlarından fərqləndirir. Qazandığı medallar, gələcək planları və gənc şagirdlərə verdiyi tövsiyələr bu müsahibədə öz əksini tapır. Xeberle.com müsahibəni təqdim edir:
– Səni daha yaxından tanıyaq.
Mən Hümbətli Tunar Alxan oğluyam. 2018-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Hal-hazırda Sumqayıt şəhərində, Şəhidimiz Mətləb Quliyevin adını daşıyan 3 nömrəli tam orta məktəbdə təhsil alıram.
– Riyaziyyata və məntiqə marağın nə vaxt və necə yarandı?
Riyaziyyata və məntiqə marağım erkən yaşlardan formalaşıb. Müəllimimin verdiyi motivasiya bu marağın daha da güclənməsində böyük rol oynayıb. Məntiqi düşünmək mənə həm maraqlı, həm də rahat gəlir.
– İlk qazandığın medal hansıdır və o an nə hiss etdin?
İlk medalımı 1-ci sinifdə sınaq imtahanında 700 bal toplayaraq qazandım. Qızıl medal idi. İmtahana gedəndə həyəcanlı deyildim, çox rahat idim və bu rahatlıq nəticəmə də müsbət təsir etdi.
– Beynəlxalq IMC və TİMO olimpiadalarında iştirak sənin üçün nə ilə fərqləndi?
Bu olimpiadalarda iştirak etməyim müəllimimin verdiyi motivasiya sayəsində oldu. Orada yalnız öz sinifimin deyil, 3, 4, hətta 5-ci sinif səviyyəsində olan riyazi-məntiq suallarını cavablandırdım. Məsuliyyətim artdığı üçün həyəcanım da çox idi və bu səbəbdən bürünc medal qazandım. Növbəti hədəfim isə qızıl medaldır.
– Olimpiadalara hazırlaşarkən ən çox hansı mövzu sənə çətin gəlir?
Hal-hazırda çətinlik çəkdiyim xüsusi bir mövzu yoxdur. Çünki öyrənmək mənim üçün maraqlı və rahatdır.
– Səncə, uğur qazanmaq üçün istedad daha vacibdir, yoxsa zəhmət?
Məncə, hər ikisi vacibdir. İstedad zəhmətlə birləşəndə uğur qaçılmaz olur.
– Sumqayıt şəhərində oxumaq və yaşamaq sənə nə verir?
Sumqayıtda yaşayıb oxumağı sevirəm, amma bəzi olimpiada və sınaqlar burada keçirilmədiyi üçün Bakıya getməli oluram. Bu isə məni bir az üzür.
– Sumqayıtda gənc şagirdlər üçün hansı imkanların artırılmasını istərdin?
2-ci sinifdən liseylərin fəaliyyət göstərməsini, maraqlı məntiq oyunlarının və məktəblərarası şahmat yarışlarının daha tez-tez təşkil olunmasını istərdim. Məntiqə olan marağım məndə şahmata da böyük sevgi yaradıb və hazırda şahmatla məşğul oluram.
– Qazandığın medallarla Sumqayıtın adını beynəlxalq arenada təmsil etdiyini hiss edirsənmi?
Bəli, bunu hiss edirəm və Sumqayıtın adını layiqincə təmsil etmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
– Sənin uğurların məktəblilərə necə motivasiya verə bilər?
Məncə, hər kəs özünə özü motivasiya verməli və qarşısına aydın hədəflər qoymalıdır.
– Sumqayıtda səni ən çox ruhlandıran yer hansıdır?
Yaşlı babaların bir yerdə oturub şahmat oynadığı məkan məni çox ruhlandırır.
– Gələcəkdə hansı peşəni seçmək istəyirsən və niyə?
Gələcəkdə prokuror olmaq istəyirəm. Savadlı və ədalətli bir insan kimi cəmiyyətə fayda vermək istəyirəm.
– Beynəlxalq səviyyədə Azərbaycanı və Sumqayıtı təmsil etmək sənin üçün nə deməkdir?
Bu, mənə böyük qürur hissi verir.
– Sənin kimi uğur qazanmaq istəyən şagirdlərə nə tövsiyə edərdin?
Qarşılarına məqsəd qoysunlar və ən çox məntiqlə məşğul olsunlar. Məntiq güclü olanda qaydaları əzbərləməyə ehtiyac qalmır.
– Özünü 5–10 il sonra harada görürsən?
5 il sonra özümü ən azı 50-dən çox qızıl medal qazanmış biri kimi görürəm.
10 il sonra isə istədiyim universitetdə təhsil alan bir tələbə kimi. Beynəlxalq olimpiadalarda iştirak etdiyim üçün gələcəkdə xarici universitetlərdən qəbul alma ehtimalımın yüksək olduğunu düşünürəm.
– Sonda nə demək istərdin?
Fikirlərimi dinlədiyiniz və dəyərləndirdiyiniz üçün sizə minnətdaram. Bu mənə daha çox motivasiya verir.
- Bizim üçün həmsöhbət olduğun üçün təşəkkür edirik.
 Sağ olun.