Azərbaycan Dillər Universiteti (ADU) dünyanın nüfuzlu universitetlərindən sayılan Özbəkistanın Cahan Dillər Universitetində xaricdə fəaliyyət göstərən və sayca səkkizinci olan Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışını edib.
Tvit.az xəbər verir ki, açılış mərasimində Cahan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru Məhəmmədcan Şutpoladov, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Tehranağa Abdullayev iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət töhfəsini verəcək.
Görüşdə Azərbaycan və Özbəkistan arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
ADU-nun bir sıra xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin ölkələr arasında elmi, mədəni əlaqələrin qurulması baxımından önəmi diqqətə çatdırılıb.
Qeyd edək ki, növbəti tədris ilindən Cahan Dillər Universitetində Azərbaycan dili fənni tədris olunacaq. ADU-nun beynəlxalq əlaqələrin qurulmasında qarşısına qoyduğu məqsədlərdən biri də xarici ölkə universitetləri ilə qarşılıqlı tədqiqat sahələrini genişləndirməkdir.